Yanvar ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 4% azalaraq 4462,4 milyon manata düşüb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən məlumat verir.
2009-cu ilin sonuna depozit və əmanətlərin həcmi 4654,2 milyon manat olub. Yanvar ayında depozit və əmanətlərin həcmi 191,8 milyon manat azalıb.
Kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin 53,5%-i və ya 2385,8 milyon manatı əmanətlərin, 46,5%-i və ya 2076,7 milyon manatı depozitlərin payına düşüb.
Yanvar ayından depozitlərin həcmi 10,5% və ya 242,6 milyon manat azalıb. Ay ərzində qeyri-maliyyə təşkilatlarının depozitlərinin həcmi 2319,3 milyondan 2076,7 milyon manata düşüb.
Depozitlərin 797,8 milyon manatı və ya 38,4%-i milli valyutanın payına düşüb. Halbuki dekabr ayında manatın payı 41% təşkil edib. Milli valyutada yerləşdirilən depozitlərin həcmi dekabrda 950,2 milyon manat olduğu halda yanvarda 152,4 milyon azalaraq 797,8 milyon manata düşüb. Milli valyutada olan depozitlərinin 617,5 milyon manatı tələb olunanadək, 180,3 milyon manatı isə müddətli olub.
Ümumi depozitlərin 1278,8 milyon manatı və ya 71,6%-i isə xarici valyuta ilə yerləşdirilib. Dekabrda xarici valyutanın payı isə 59% olub. Xarici valyuta depozitlərinin 587,6 milyon manatı tələb olunanadək, 691,2 milyon manatı isə müddətli yerləşdirilib.
Yanvar ayında ölkə banklarında yerləşdirilən əmanətlərinin həcmi əvvəlki ayla müqayisədə 50,9 milyon manat artaraq 2385,8 milyon manata çatıb. Ötən ilin dekabrında əmanətlərin həcmi 2334,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmanətlərin həcmi 30% artıb.
Əmanətlərin 984,9 milyonu manatla, 1400,8 milyonu isə xarici valyutada yatırılıb. Əmanətlərin 41,3%-i manatın, 58,7%-i xarici valyutanın payına düşüb.
Manat əmanətlərinin 656,8 milyonu müddətli, 328,1 milyonu isə tələb olunanadək əmanətlər təşkil edir. Dekabr ayı ilə müqayisədə milli valyutada yerləşdirilən tələb olunanadək əmanətlərin həcmi 25,4 milyon manat azalıb, müddətli əmanətlər isə 44,7 milyon manat artıb.