“Dünya yeni bir maliyyə böhranını yaşamalı olacaq, ancaq onun təbiəti başqa cür olacaq”. "İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen BBC-yə müsahibəsində bildirib.
Qrinspen əlavə edib ki, o, uzun çiçəklənmə dövrünün bir gün böhrana çevriləcəyini gözləyirdi. Ancaq sabiq FES rəhbərinin fikrincə, resesiyanın aradan qaldırılması uzun müddət tələb edən ağır proses olsa da, yekun nəticədə dünya iqtisadiyyatı ondan qurtula biləcək.
“Maliyyə böhranları bir-birindən fərqlənir, amma onların hamısının bir fundamental mənbəyi var. Bu, insanın xislətindədir – uzunmüddətli çiçəklənmə dövründə bu dövrün həmişə davam edəcəyi barədə əminliyi” – Qrinspen hesab edir. O qeyd edib ki, indiki böhranı pis kredit tarixçəsi olan insanlar tərəfindən sub-prime klaslı kreditlərin Ştatlara axını yaradıb, ancaq istənilən amil katalizator ola bilər: “Əgər “pis borclar” problemi yaranmasaydı, istənilən halda başqa problemlər baş verərdi”
Qrinspenin fikrincə, daha çox Böyük Britaniya böhrandan əziyyət çəkəcək, çünki onun iqtisadiyyatı dünya bazarına yönəlikdir. Böhranın yenidən baş verməsinin qarşısını almaq üçün maliyyəçilər və hökumət sistemdə yalanların olmamasının qayğısına qalmalıdırlar. Bərpa qlobal ticarətin inkişafını əngəlləyən proteksionist tədbirləri tələb edir. Sabiq baş bankir hesab edir ki, qlobal tənəzzülün dağıntılarına baxmayaraq dünya maliyyə böhranı 100 ildə bir dəfə baş verən hadisədir və onu öz gözləri ilə görməkdə məmnundur.