MDB ölkələrinə məxsus bankların müflisləşməsinin pik həddi arxada qalıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Moody's Investor's Service beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.
Agentliyin hazırladığı “Dünya maliyyə böhranı şəraitində MDB-də bank müflisləşmələri: statistik icmal” adlı materialda qeyd edilir ki, dünyada çoxlu bankların sıradan çıxmasına baxmayaraq bu ölkələrdə vəziyyətin yaxşılaşması əlamətləri müşahidə edilir.
Məruzədə böhran nəticəsində Moody`s agentliyinin reytinqinə düşən 190 bankdan 23-nün müflis olduğu vurğulanır. Agentliyə görə, böhran zamanı MDB-nin bir çox ölkələri və xarici investorlar banklara yardım etdilər ki, bu da böhrandan minimal itki ilə çıxmağa, bəzi hallarda hətta miflisləşmədən qaçmağa imkan verdi. Ancaq belə banklar (bir qayda olaraq agentlikdən reytinq almış) bütün bankların cəmisi 10%-ni əhatə edir.
MDB ərazisində bank müflisləşmələrin 85%-dən çoxu qlobal böhranın pik dövründə - 2008-ci ilin son ayları və 2009-cu ilin əvvəlində baş verib.
Agentlik eyni zamanda müflisləşmə risklərinin hələ də qaldığını xəbərdarlıq edir. Çünki Agentliyin reytinq verdiyi region banklarının 90%-i spekulyativ kateqoriyaya məxsusdur. Depozitlərdən qaçış böhran dövründə bank müflisləşmələrinin əsas səbəbi olub. Agentliyə görə, MDB ölkələrində əmanətçilərin bank sisteminə inam səviyyəsi hələki aşağı olaraq qalır. |