2009-cu ilin yanvar-iyul aylarında Azərbaycan 126 ölkə ilə ticarət sahəsində 10.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Xarici ticarət dövriyyəsinin 7.2 milyard dollarını (68.8 faizini) ixrac, 3.2 milyard dollarını (31.2 faizini) isə idxal malalrı təşkil edib. Xarici ticarətdə 4.0 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac-idxal əməliyyatlarının 52.4 faizi Avropa, 32.8 faizi Asiya, 13.6 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.7 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, İsrail, Türkiyə, Almaniya, İndoneziya, Kanada, Ukrayna, Böyük Britaniya, Tayvan (Çinin əyaləti), Gürcüstan, Çin, Hindistan və Malayziya dövlətləri ilə aparılıb.