Cari ilin fevralında xarici ticarət əməliyyatlarında yük daşınmaları 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 751,9 min ton artıb və 6,63 milyon ton təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin fevralında müxtəlif növ nəqliyyat vasitələri ilə yük daşınmaların həcmi 5,86 milyon ton olub.
Yük daşınmalarının 85,6%-i ixracın, 14,4%-i isə idxalın payına düşüb. Bu müddətdə 5,67 milyon ton həcmində yük ölkə xaricinə, 955,2 min ton isə ölkə daxilinə daşınıb.
İxrac əməliyyatlarının 88,3%-i və ya 5 milyon tonu boru kəməri ilə nəql edilib. Xarici ölkələrə dənizlə 45,6 min ton, dəmiryolu ilə 451,3 min ton, avtomobillə 80,7 min ton və hava ilə 86,2 min ton həcmində yük göndərilib. Bu nəqliyyat növlərinin ümumi ixrac daşınmalarında payı uyğun olaraq 0,8%, 8%, 1,4% və 1,5% təşkil edib.
İdxal əməliyyatlarında daşınmanın əsas yükü həmişə olduğu kimi dəmiryolu nəqliyyatının payına düşüb. Ölkəyə gətirilən yüklərin 72%-i və ya 687,6 min tonu dəmiryolu vasitəsilə daşınıb. İdxal üzrə yük daşınmalarının 63,3 min tonu dəniz, 199,8 min tonu avtomobil, 2,3 min tonu isə hava nəqliyyatı vasitəsilə həyata keçirilib. Bu nəqliyyat növlərinin ümumi idxal daşınmalarında payı uyğun olaraq 6,6%, 21% və 0,24% təşkil edib.
Komitənin məlumatına görə, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılıb. Hesabat dövründə gömrük orqanlarında 27561 ədəd yük gömrük bəyannaməsi rəsmiləşdirilib. Bunların 5173-ü ixrac, 22388-i isə idxal YGB-dir.
Ölkə ərazisindən keçirilən tranzit yüklərin həcmində də artım müşahidə edilib. Fevral ayında tranzit olaraq ölkə ərazisindən 1422,4 min ton yük keçirilib ki, bu da 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə 478,2 min ton çoxdur. Tranzit yüklər əsasən Bermud adaları (581 min ton), İsveçrə (273,4 min ton), İtaliya (224,2 min ton), Gürcüstan (90,4 min ton), Tacikistan (52,9 min ton), İran (46,8 min ton), Türkmənistan (41,2 min ton), Rusiya (38,8 min ton), Əfqanistan (34 min ton) və Türkiyə (22,7 min ton) kimi ölkələrə göndərilib.