Fevral ayında ölkədən kənara 2,9 milyard ABŞ dolları həcmində neft və neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 90,5%-ni təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin müvafiq dövründə bu göstərici 1,3 milyard dollar və ya ümumi ixracın 89,1%-ə bərabər olub.
Komitənin məlumatına görə, ümumi ixracdan xam neftin payı 85,18%, neft məhsullarının payı isə 5,34% təşkil edib.
Fevral ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 5,4 milyon ton neft nəql edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 milyon ton çoxdur. Bundan başqa Şimal boru kəməri ilə 289,7 min, Supsa boru kəməri ilə 676 min ton neft ixrac olunub.
Xam neftin ixracı bütünlükdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən (4,9 milyon ton) həyata keçirilib. Neft məhsullarının isə 86,01%-i ARDNŞ, 5,61%-i "Azərbaycan Hava Yolları" QSC-nin "Azal OİL" YSM idarəsi, 4,13%-i "Azneftyağ" İstehsalat Birliyi, 4,05%-i isə "İlqar LTD" şirkəti tərəfində ölkədən kənara çıxarılıb.
Fevralda ümumi ixracda meyvə-tərəvəz məhsullarının payı 0,38%, bitki və heyvan mənşəli yağların payı 1,24%, qara metallar və onlardan hazırlanan məmulatların payı 0,49%, kimya sənayesi məhsullarının payı 0,21%, pambığın payı 0,03%, alüminium və ondan hazırlanan məmulatların payı 0,03%, alkoqollu və alkoqolsuz içkilərin payı 0,1%, tütün və tütün məmulatlarının payı 0,02% təşkil edib. Qalan əmtəələrin payına 6,99% düşüb.
İdxalda üstünlük təşkil edən maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələrinin payı 27,24% təşkil edib. Nəqliyyat vasitələri və onların hissələri 13,08% , ərzaq məhsulları 19,31%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,71%, əczaçılıq məhsulları 1,92%, oduncaq və ondan hazırlanan məmulatlar - 3,62%, xalq istehlakı malları 0,77%, mebel 1,12% paya malik olub. Qalan əmtəələrin payına 24,24% düşür.