İlin iki ayında ölkə xaricinə ixrac olunan məhsullarda dövlətin payı 92,55% təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin fevralında ümumi ixracda dövlətin payı 94,25%-ə bərabər olub.
Xarici ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin sayı azalıb. Komitənin məlumatına görə, fevralda xarici ticarətlə 2700 hüquqi və fiziki şəxs məşğul olub. Bunlardan 1814-ü hüquqi, 886-sı isə fiziki şəxslərdir. Ötən ilin müvafiq dövründə isə xarici ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin sayı 3961 olub. Bunların da 2094-ü hüquqi, 1867-si isə fiziki şəxslərdir.
2009-cu ilin fevral ayı ilə müqayisədə dövlətin payı 2 dəfədən də çox artıb. Bu il ixrac əməliyyatlarının 2,98 milyard dolları dövlət sektoru vasitəsilə aparılıb. Ancaq ötən il dövlətin payı 1,4 milyard dollar təşkil edib. Cəmi ixracda dövlətin payı 92,55%-ə bərabər olub.
Əməliyyatların 230,5 milyon dolları özəl sektor, 9,2 milyon dolları fiziki şəxslər tərəfindən həyata keçirilib. Bu sektorların payı uyğun olaraq 7,17% və 0,28% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorun payı 2% artıb, fiziki şəxslərin payı isə 0,4% azalıb.
İdxal əməliyyatlarının 201,1 milyon dolları dövlət sektoru, 455,78 milyon dollar özəl sektor, 46,9 milyon dolları isə fiziki şəxslər tərəfindən həyata keçirilib. Cəmi idxalda bu sektorların payı uyğun olaraq 28,57%, 64,77% və 6,7% təşkil edib.