“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 14 ayda ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, mayın 6-da Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0322 manat müəyyən edilib. Bu, 11 mart 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0184 manata bərabər olub.
2010-cu ildə avro manata nisbətən 10,8% ucuzlaşıb. İlin 5 ayı ərzində avronun kursu 1,1575-dən 1,0322 manata düşüb. Bu isə o deməkdir ki, hər 100 avro 5 ay ərzində dəyərini 12,5 manat itirib.
Avronun ucuzlaşması Yunanıstan böhranının uzanması və bu böhranın digər ölkələrə yayılması təhlükəsi ilə bağlıdır. Bundan başqa Moody’s beynəlxalq reytinq agentliyinin Portuqaliyanın kredit reytinqini sala biləcəyi xəbərdarlığı da öz təsirini göstərib.
Dünya bazarlarında avronun dollara məzənnəsi 13 ayda ən aşağı həddə düşərək 1,2807 səviyyəsinə enib.
Morgan Stanley bankının analitiklərinə görə, avronun ucuzlaşması valyuta ehtiyatlarının diversifikasiyasında avronun payını artıran Mərkəzi Bankları çaşbaş salıb. İndi onlar başqa valyuta axtarışındadırlar.