Avropa Birliyinin mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720 milyard avro həcmində antiböhran fondunun yaradılması qərara alınıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Birliyinə sədrlik edən İspaniyanın maliyyə və iqtisadiyyat naziri Elena Salqado açıqlama verib.
Fondun 60 milyard avrosu Avrokomissiyanın kreditləri, 44 milyard avrosu Avropa Birliyi ölkələrinin zəmanətləri, 220 milyard avro isə BVF-nin töhfəsi hesabına formalaşacaq.
Bu Fond dünya tarixində ən böyük maliyyə mexanizmi ola bilər. Fond Avropa Birliyi ölkələrinin maliyyə sistemlərinin sabitləşdirilməsi məqsədilə qısa müddətdə vəsait yığmaq məqsədi üçün nəzərdə tutulub.
Fondun yaradılması avrozona ölkələrində büdcə xərclərinin məhdudlaşdırılması üzrə tədbirlərə gətirib çıxara bilər.
Fondun yaradılması üçün Avropa Birliyinin 27 ölkəsinin maliyyə nazirlərinin mayın 18-də keçirilən yığıncağında təsdiq edilməlidir.