Avropada ən çox minimum əmək haqqını Lüksemburq və İrlandiya verir
Avropa Birliyində işçilərinə ən yüksək əmək haqqı verən dövlətlər Lüksemburq və İrlandiyadadır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Eurostat statistik agentliyinin məlumatları əsasında Forbes jurnalının tərtib etdiyi reytinq cədvəlində göstərilir.
Siyahıya başçılıq edən kiçik knyazlıqda minimal təminatlı əmək haqqı bir ay üzrə 1642 avroya bərabərdir. Lüksemburqdan sonra yüksək minimal əmək haqqı - 1462 avro verən İrlandiya gəlir. Növbəti yerləri Belçika (1387 avro), Niderland (1382 avro), Fransa (1321 avro) və Böyük Britaniya (1010 avro) bölüşdürür.
Avropa Birliyinin 27 üzvü olan ölkələrdən ancaq 20-si vətəndaşlarına minimal əmək haqqı verir.
Birliyə üzv olandan sonra Polşa və Slovakiya kimi ölkələrdə əməyin ödənişi sürətlə artır, amma minimal əmək haqqının mütləq həcmi aşağı olaraq qalır. 2009-cu ildə Slovakiyada minimum əmək haqqı 9,2% artıb, ancaq ölkədə işçilər ayda 296 avro alır. Birlikdə ən az minimum əmək haqqı Ruminiya (153 avro) və Bolqarıstandadır (123 avro).