“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 0,8 qəpik ucuzlaşaraq 1,0075 manata düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dollar isə əksinə hələki sabitlik nümayiş etdirir.
Mərkəzi Bankın məlumatına görə, mayın 14-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0075 manat müəyyən edilib. Bu, 23 dekabr 2002-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 5033 AZM-ə (1,0184 manat) bərabər olub.
Bu ucuzlaşmadan sonra avro manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 13% ucuzlaşıb. Yanvar-may ayları ərzində avronun kursu 1,1575-dən 1,0075 manata düşüb. Bu isə o deməkdir ki, cibimizdə olan və ya banklara yatırdığımız (bank faizlərini nəzərə almasaq) hər 100 avro bu müddətdə dəyərini 15 manat itirib.
Avropa Birliyinin mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720 milyard avro büdcəyə malik antiböhran fondunun yaradılması qərarı da Avropa valyutasının xilas edə bilməyib. İnvestorlar hələ də bu valyutaya etibar etmirlər. Elə bunun nəticəsidir ki, dünya bazarlarında qızıl yenidən bahalaşma sürəti götürüb.
Almaniya kansleri Angela Merkel avronun çökməsinin Avropa Birliyinin dağılmasına gətirib çıxaracağından narahatlığını bildirib.
Bu arada bir sıra maliyyə institutları avro ilə bağlı mənfi proqnozlar veriblər. İsveçrənin UBS bankının açıqlamasına görə, avro ilin sonuna kimi dollara nisbətən dəyərini daha 8% itirəcək. Bankın pronozuna görə, avronun dollara məzənnəsi ilin sonuna $1,15-ə, 2011-ci ilin sonuna isə $1,10-a düşəcək. Royal Bank of Scotland-ın valyuta strateqləri hesab edir ki, ilin sonuna avro $1,1650-yə, 2011-ci ilin ortalarında isə $1,14-ə düşə bilər.
Dünya bazarlarında avronun dollara məzənnəsi $1,25 səviyyəsinə enib.