Rusiya hökuməti yolların tikintisi və təmiri üzrə büdcə fondunun yaradılması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Vladimir Putin yol tikintisi üzrə yığıncağın yekununda bildirib.
“Yolların tikintisi və təmiri üzrə büdcə fondunun yaradılması barədə qərar qəbul edilib” deyən Putinə görə, adıçəkilən Fond İnvestisiya Fondu şəklində fəaliyyət göstərəcək. O, eyni zamanda qeyd edib ki, yeni Fonda yol şəbəkəsinin saxlanması üçün minimal həddə vəsait yığılacaq.
Bu açıqlamanın ardınca Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabullina RİA “Novosti” agentliyinə bildirib ki, yol fondu 2011-ci ildə yaradılacaq və büdcənin tərkibində fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, əvvəlki fond 2 səbəbə görə ləğv edilib. “Əvvəla, onun gəlirləri iqtisadi aktivliyi boğan dövriyyə vergisi ilə bağlı idi. İkincisi, fondun vəsaitlərinin xərclənməsində şəffaflıq arzuolunan səviyyədə deyildi” – deyə nazir bildirib.
Nazirin fikrincə, yeni Fondun üstünlüklərindən biri də vəsait qalığının növbəti ilə keçirilməsi mümkünlüyüdür.