Şirkət Rusiya bazarında bəzi məhsullarını çıxarır
Nestle şirkəti 100 qramlıq şüşə qablarda istehsal etdiyi müxtəlif adlı kofeləri Rusiya bazarında satışdan çıxarmaq barədə qərar qəbul edib. Şirkətin bu addımına səbəb qablara doldurulmuş kofenin içində şüşə qırıntılarının olması ehtimalıdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə şirkət açıqlama verib.
Məlumata görə, satışdan çıxarılmaq qərarı Alta Rica, Cap Colombie, Estet, Kenjara və Espresso adlı həll olunan kofelərə şamil ediləcək. Bu məhsullar plastik örtüklə örtülmüş xüsusi formalı şüşə bankalarda qablaşdırılır. “Bu bankaların bəziləri müştərilərimiz tərəfindən daşınan zamanı çatlaması nəticəsində şüşə hissəcikləri kofeyə qarışa bilər” – deyə açıqlamada bildirilir.
Şirkətin açıqlamasında qeyd edilir ki, bu hal Nescafe-nin digər məhsullarına şamil edilmir. Şirkət artıq öz tərəfdaşlarını xəbərdar edib və onların satılmasını saxlamağı tövsiyə edib.
Şirkət eyni zamanda bildirib ki, məhsulları bazara yenidən təqdim etməzdən öncə qablaşmanın formasını dəyişəcək.