Kredit qoyuluşunun artımında son aylar müşahidə edilən nəzərə çarpmayan artımı hökumət ARDNŞ-ə ayrılan kredit hesabına diqqəti cəlb edən artımla əvəz edə bilib. Belə ki, dövlət iyul ayında neft sektoruna yönəlik kreditlərin həcmini 671,5 milyon manat artırmaqla ümumi kredit qoyuluşlarında dövlətin payını 45,6%-ə qaldırıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.
Cari ilin avqustun 1-nə ölkə iqtisadiyyatına yönəldilən cəmi kredit qoyuluşları iyun ayı ilə müqayisədə 12% artaraq 7229,2 mln. manat təşkil edib. Bununla da yanvar ayındakı səviyyəyə -7201,3 mln. manata çatıb.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3298,8 mln. manat, özəl banklar tərəfindən 3748,5 mln. manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,0 mln. manat kredit qoyulub. Bununla da dövlətin payı bir ay öncəki 39,5%-dən 45,6%-ə qalxıb. Bu artım əsasən yeganə dövlət bankı olan Beynəlxalq Bankın hesabına baş verib olub. Mərkəzi Bank bu bankla ARDNŞ-ə kredit ayırıb. Özəl banklarda bu göstərici 57,7%-dən 51,9%-ə, qeyri-bank kredit təşkilatlarında isə 2,7%-dən 2,5%-ə düşüb.
Diqqəti çəkən digər məqam kredit qoyuluşlarının sahəvi strukturu ilə bağlıdır. İyul ayında kredit qoyuluşunun artımı əsasən neft sektorunda baş verib. Energetika. kimya və təbii ehtiyatlara qoyulan kreditin həcmi 671,5 milyon manat artaraq 997,6 milyon manta təşkil edib. Beləliklə də bu sektorun xüsusi çəkisi 5%-dən 13,8%-ə qədər yüksəlib. Digər sahələrdə kredit qoyuluşu mütləq həcmcə artsa da, ümumi həcmdə xüsusi çəkisi azalıb. Belə ki, ticarət və xidmətin payı 20,8%-dən 19%-ə, kənd təsərrüfatının payı 5,6%-dən 4,9%-ə, inşaat və əmlakın payı 10%-dən 9,1%-ə, sənayenin payı 8%-dən 7,3%-ə, nəqliyyat və rabitənin payı 7,1%-dən 6,5%-ə düşüb.
Ölkə üzrə kredit qoyuluşlarında dövlətin payının artımı ARDNŞ-ə ayrılan kreditlə bağlıdır. Çünki bir qədər öncə Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada Dövlət Neft Şirkətinə 750 milyon manat məbləğində güzəştli kredit ayrıldığını bildirmişdi. Bu kredit 3 faizlə 7 il müddətinə verilib. Baş bankirə görə, ARDNŞ ilk 2 ildə faizləri, sonrakı 5 ildə isə hər il 150 milyon manat olmaqla vəsaitin özünü qaytaracaq.