Morgan Stаnley bankının analitikləri avronun dollara olan məzənnəsi ilə bağlı proqnozuna dəyişiklik edib. Bank hesab edir ki, ilin sonuna qədər Avropa valyutası $1,24-dən $1,16-a düşəcək. “İqtisadi forum” jurnalının Bankın hesabatına istinadən verdiyi məlumata görə, proqnozun aşağı salınması Yunanıstanda yaranmış borc problemi nətcəsində investorların Avropa Mərkəzi Banka etimadının itməsi səbəbi ilə bağlıdır.
“İlk əvvəl Yunanıstana xas olan maliyyə problemləri indi Avropa üçün maliyyə probleminə çevrilir” – deyə hesabatda qeyd edilir. Analitiklərin proqnozuna görə, 2011-ci ilin I rübündə avro $1,12-yə kimi ucuzlaşacaq, sonra isə dirçəlməyə başlayacaq.
Hesabata görə, dollar bu ilin sonuna kimi yaxşı dəstəyə malik olacaq. ABŞ iqtisadiyyatında hələ də artım müşahidə edilməkdədir.
Hazırda dünya valyuta bazarlarında avro $1,2408 təşkil edir.
Qeyd edək ki, ötən həftə bir sıra maliyyə institutları Avropa valyutasının taleyi ilə bağlı müxtəlif proqnozlar veriblər. BNP Paribas 2011-ci ilin I rübündə avronun dollardan da ucuz olacağını açıqlayıb. UBS, Danske Bank, Royal Bank of Scotland və Bank of America Merrill Lynch ilin sonuna kimi avronu $1,15-1,26 diapazonunda proqnozlaşdırıblar. Credit Suisse bank hesab edir ki, yaxın 3 ayda avro $1,16-yə kimi ucuzlaşacaq.