Elmi dərəcələrə və elmi adlara görə əlavələr müəyyənləşdi
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 saylı qərarı ilə dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların elmi dərəcələrinə və adlarına görə əlavələr müəyyən edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında qeyd olunub.
Qərarara əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilib:
ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq - 30 manat;
ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq - 50 manat;
dosent elmi adına görə:
iş stajı 5 ildən 10 ilə qədər olduqda - 25 manat;
iş stajı 10 ildən 15 ilə qədər olduqda - 50 manat;
iş stajı 15 ildən 20 ilə qədər olduqda - 75 manat;
iş stajı 20 ildən artıq olduqda - 100 manat;
professor elmi adına görə:
iş stajı 5 ildən 10 ilə qədər olduqda - 30 manat;
iş stajı 10 ildən 15 ilə qədər olduqda - 60 manat;
iş stajı 15 ildən 20 ilə qədər olduqda - 90 manat;
iş stajı 20 ildən artıq olduqda - 120 manat.
Qərarda göstərilir ki, elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir.
Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.