Dünya əmtəə bazarlarında qızılın unsiyasının qiyməti 1250 dollar həddini keçməklə növbəti tarixi maksimuma imza atıb. “İqtisadi forum” jurnalının məlumatına görə, London birjasında qiymətli metalın dəyəri əvvəlki rekord həddi 2 dollar ötərək 1251,5 dollara kimi bahalaşıb.
Qızılın bahalaşması “sakit liman” axtaran investorlar tərəfindən tələbatın artması hesabına baş verib.
“Belə dinamika avroməkanın perspektivinə etibarlılığın aşağı olmasına xəbər verir”, -deyə “MKS Finance” şirkətinin valyuta və metallar bazarında ticarət departament rəhbəri Bernard Sin “Bloomberg” agentliyinə açıqlamasında bildirib. Sina görə, avro, dollar və digər valyutalara etibar yoxdur. Təhlükəsizlik baxımından yeganə çıxış yolu qızıldır.
Qeyri-müəyyən dövründə vəsaitləri qorumaq üçün qiymətli metallara tələbatın artması səbəbindən ilin əvvəlindən qızıl 14% bahalaşıb. GFMS-in icraçı direktoru Pol Volker hesab edir ki, ilin sonuna kimi qızılın unsiyası $1050-1300 intervalında dəyişə bilər. Ekspertin fikrincə, Avropada böhranın dərinləşəcəyi təqdirdə onun qiyməti $2000-ə qalxa bilər.
Commonwealth Bank of Australia bankının strateqi Devid Mur qeyd edir ki, qızıla malik investisiya fondlarında investorların vəsaitlərinin əhəmiyyətli axını müşahidə edilir, onların aktivləri tarixi pik həddinə yaxındır. Mur hesab edir ki, qızılın qiyməti “sakit liman” axtaran investorlar tərəfindən daimi pul axınını təmin edir. İri ixtisaslaşmış fondu olan SPDR Gold Trust bu il aktivlərini 13% artırıb. Onun aktivləri rekord həddə - 1289,84 tona yüksəlib.
“İkinci dalğa narahatçılığı qızıl bahalaşdırır. İnvestorlar bu metalda “sakit liman”ı görürlər. Ona görə də, həm dollarda, həm də avroda tarixi maksimum nümayiş etdirir” – deyə Reuters agentliyi Commerzbankın analitiki Daniel Brizmandan sitat gətirir. Onun sözlərinə görə, bazar iştirakçıları borc böhranı ilə mübarizə tədbirlərinin effektivliyinə inanmırlar və bu da qızıln qiymətində və aparıcı valyutaların dəyərinsə özünü göstərir.
Barclays Capital bankının ekspertləri qızılın yaxın dövrlərdə bahalaşacağı qənaətindədirlər. Onların fikrincə, bu artım bazarlarda qorxu və yüksək volatillik səngiməyənədək davam edəcək.