İqtisadçılar hesab edir ki, 2015-ci ilə kimi bu valyuta “yoxa çıxacaq”
Vahid Avropa valyutası çətin ki, 2015-ci ilə kimi yaşasın. “İqtisadi forum” jurnalının məlumatına görə, “Daily Telegraph” qəzetinin apardığı sorğuya London City-nin əksər iqtisadçıları bu fikirlə çıxış ediblər.
Sorğu iştirakçılarının 25-dən 12-si bildirib ki, avro məkanı indiki vəziyyətdə yaxın 5 ildə mövcudluğunu itirəcək. Yalnız 8 iqtisadçı avroməkanın bu situasiyadan çıxacağını qeyd edib. Qalanları hər hansı proqnoz söyləməyə çətinlik çəkiblər.
Policy Exchange xidmətinin baş iqtisadçısı Endrü Liliko hesab edir ki, avronun mövcudluğunu qoruması şansı sıfıra yaxındır. “Yunanıstan yəqin ki, öz öhdəlikləri üzrə defolt elan edəcək. Bununla yanaşı, avroməkanın bu ölkəsində ağır sosial böhranın başlaması ehtimalı yüksəkdir - təxminən 75%”, - deyə ekspert əlavə edib.
Müasir Britaniyanın ən nüfuzlu iqtisadçılarından sayılan, İngiltərə Bankının Direktorlar Şurasının sabiq üzvü Devid Bleçflover bildirib ki, Almaniya başqalarının yerinə pul ödəməkdən imtina edəcək və avroməkanı tərk edəcək, bu addımın siyasi təsiri isə böyük olacaq.
International Monetary Research xidmətindən Tim Konqdon hesab edir ki, 3-4 ölkə, o cümlədən Yunanıstan, Portuqaliya, İspaniya və ola bilsin İrlandiya avro məkanı tərk edəcək. Ekspert həmçinin Almaniya və Fransa arasında fikir ayrılığının dərinləşməsi səbəbindən avroməkanın tam dağılmasını da istisna etməyib.