Əhalinin tələbatını ödəmək üçün dünyada kifayət qədər ərzaq olmasına rəğmən bir qədər əvvəl qiymət sıçrayışı və iqtisadi böhran aclığın miqyasını genişləndirdi və ərzaq təhlükəsizliyini azaltdı. Xam malın qiyməti iki əvvəlki rekord səviyyə ilə müqayisədə ucuzlaşıb, ancaq onun ötən onillikdə qeydə alınan orta səviyyəyə qədər enməsi ehtimalı çox azdır.
“İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə hazırladıqları illik məruzədə bu barədə qeyd edilir.
“2010-2019-cu illər üzrə kənd təsərrüfatı proqnozu” (OECD-FAO Agricultural Outlook) adlı sənədə görə, yaxın 10 ildə buğda və yemlik taxıl 1997-2006-cı illər dövründəki orta qiymətlə müqayisədə real hesablamada (inflyasiya nəzərə alınmaqla) 15-40% bahalaşacaq. Proqnoza görə, bitki yağlarının real qiymətinin artımı 40%-dən çox olacaq. Sənəddə süd məhsullarının orta hesabla 16-45% bahalaşacağı qeyd edilir.
Yaxın 10 ildə heyvandarlıq məhsullarının qiymətində əmək məhsuldarlığının yüksəlməsi səbəbindən yüksək artım müşahidə edilməyəcək. Halbuki dünyanın ətə olan ehtiyacı digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə sürətlə artır. Çünki inkişaf etməkdə olan ölkələrdə əhalinin bəzi təbəqələrinin gəlirlərinin artması onların qida rasionunun dəyişməsinə gətirib çıxarır.
Məruzədə qeyd edilir ki, inkişaf etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artım tələbin və qiymətin artımını şərtləndirir. Bioenerjinin istehsalının artımmı buğda, yemlik taxıl, bitki yağları və şəkərə əlavə tələbat yaradacaq.
Məruzəyə görə, yaxın onillikdə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki onilliklə müqayisədə zəif artacaq. Ancaq buna baxmayaraq 2050-ci ildə əhalinin tələbatının ödəmək üçün 70% artıma nail olacaq. Braziliyada 2010-2019-cu illərdə istehsalın həcmi 40% artacaq. Çin, Hindistan, Rusiya və Ukraynada bu artım 20%-dən çox olacaq.
“Qiymətin qeyri-sabitliyi yüksək səlahiyyətli şəxslərdə narahatlıq yaradır. Çünki istehsalın qıtlığı və bolluğu, ehtiyatların aşağı və yüksək səviyyəsi, neftin qiymətinin dəyişməsi, qlobal iqtisadi tənəzzül kimi hallar kənd təsərrüfatı məhsulları bazarına dağıdıcı təsir göstərib” – deyə məruzədə qeyd edilir.
Ancaq məruzədə göstərilir ki, qiymətlərin qısa müddətlə qeyri-sabitliyiə baxmayaraq, əsas kənd təsərrüfatı məhsullarının qiymət sabitliyinin ümimi dəyişməsi baş verməyib. Müəlliflərin fikrincə, dünya bazarlarında qiymətlərin dəyişməsi səviyyəsi ölkələrin daxili bazarlarında özünü fərqli göstərib. Bu fərq ölkənin dünya bazarına inteqrasiya səviyyəsindən, o cümlədən infrastrukturdan və hər şeydən əvvəl ölkənin ticarət və aqrar siyasətindən asılıdır.