Büdcə Məcəlləsinə edilmiş yeni dəyişiklik nəticəsində qadağa daha 3 il uzadıldı
Rusiya prezidenti Dmitriy Medvedyev oktyabrın 2-də Büdcə Məcəlləsinə dəyişik barədə qanun imzalayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, düzəlişlər büdcə xərclərinin təsnifatının təkmilləşdirilməsini, federal büdcənin neft-qaz gəlirlərinin istifadəsinə dair bir sıra normaların dayandırılması müddətinin uzadılması daxildir.
Düzəlişə görə, ölkənin neft-qaz gəlirləri hesabına ehtiyat fondların yaradılması və bu vəsaitlər hesabına büdcə kəsirinin tam örtülməsi dayandırılır.
2014-cü ilə kimi neft-qaz transfertlərinin maliyyə təminatı üçün federal büdcənin neft-qaz gəlirlərindən istifadə normalarının dayandırılması müddəti daha 3 il uzadılır. Qanunun izahında qeyd edilir ki, bu addım onunla bağlıdır ki, 2011-2013-cü illərdə neft-qaz transfertlərinin formalaşdırılması və federal büdcənin neft-qaz gəlirlərinin Ehtiyat və Milli Rifah fondlarına köçürülməsi dayandırılır.
Digər düzəlişə görə, Ehtiyat və Milli Rifah fondlarının vəsaitlərindən, o cümlədən bu vəsaitlərin idarə olunmasından əldə edilmiş gəlirlərdən istifadəyə dair müvəqqəti normaların müddəti 2014-cü ilə kimi uzadılıb.
Bundan başqa Mərkəzi Bankın mənfəətinin 75%-nin federal büdcəyə köçürülməsi normasının müddəti 2014-cü ilə kimi uzadılır. Halbuki əvvəlki normada bu hədd 50% təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 1-i tarixinə Rusiyanın Ehtiyat Fondunun həcmi 1,258 trilyon rubla ($42 milyard) bərabərdir. |