Samir Əliyev: «2014-cü ildən sonra təqribən 10 bankın bağlanacağını gözlənilir»
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda sərt islahatlara başlayıb. Qurum banklara qarşı şərtləri daha da sərtləşdirib. AMB-ın yaydığı məlumatda deyilir ki, Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olub: “Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitalizasiyasının davam etdirilməsi zəruridir. Bankların kapital bazasının gücləndirilməsi bankalara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu, iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcəkdir. Bütün bunlar növbəti dekadada iqtisadiyyatın ikiqat artımı və şaxələndirilməsi hədəflərinə adekvat olaraq bank sisteminin maliyyə dərinliyinin yüksəldilməsinə gətirib çıxaracaq».