Yerli büdcələrdə şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.
Dövlət büdcəsində olduğu kimi yerli büdcələrin də şəffaflığı və hesabatlılığı məsələsi həmişə aktual olub və beynəlxalq təşəbbüslərdə daim hökumətlər qarşısında vacib şərt olaraq qoyulub, milli qanunvericilik aktlarında da öhdəlik kimi nəzərdə tutulub. Milli bələdiyyə qanunvericiliyində şəffaflıq və hesabatlılığa təmin edən bir sıra öhdəliklər nəzərdə tutulub. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda əhalini yerli büdcə layihəsi və yerli əhəmiyyətli proqramları ilə tanış etmək, "İnformasiya əldə etmək haqqında" Qanunda bələdiyyələrin bir sıra zəruri məlumatları açıqlaması, “Bələdiyyələrin statusu haqqında” Qanunda bələdiyyə qurumlarının və bələdiyyə üzvlərinin əhaliyə hesabat verməsi, “İctimai iştirakçılıq haqqında” Qanunda bələdiyyələrin fəaliyyətində ictimai nəzarətin təşkili məqsədilə vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakını təmin etmək öhdəlikləri əksini tapıb.
Sizə təqdim edilən analitik bülleten Azərbaycanda yerli büdcələrin şəffaflığı və hesabatlılığı məsələlərinə həsr olunub. Bülletenin birinci bölməsində 2017-2021-ci illər üzrə yerli büdcələrin icmalı verilib. Bu bölmədə 5 illik dövr ərzində yerli büdcələrin gəlir mənbələrinin həcmi və payının dəyişməsi, büdcənin xərc istiqamətləri və onların illər üzrə dəyişməsi tendensiyası təhlil olunur. Bülletenin ikinci bölməsin yerli büdcələrdə şəffaflıq və hesabatlılığın edilməsi üçün milli qanunvericilikdə nəzərdə tutulan tələblərə nəzər salınır. Üçüncü bölmədə isə yerli büdcələrdə şəffaflıq və hesabatlılıqla bağlı mövcud vəziyyət, qanunvericiliyə əməl olunma səviyyəsi, bələdiyyələrin qərar qəbulunda ictimaiyyəti cəlbetmə vəziyyəti analiz edilir.
Bülletenin sonuncu bölməsi ictimai maliyyə sahəsində məlumat açıqlığının mövcud durumuna həsr edilib. Bölmədə dövlət qurumları və dövlət şirkətlərinin hesabatlılığı qiymətləndirmək üçün onların rəsmi internet saytları yoxlanılıb, maliyyə hesabatları analiz edilib.
Bülleteni əldə etmək üçün aşağıdakı linkə daxil olun: